Sual #7

Emin Məmmədov
Sual: Bayırda şəkil çəkdiyimiz zaman diafraqmanı nə qədər bağlamaq məsləhətdi? Məsələn f/2.8 açsaq o zaman sürgü sürəti neçə olmalıdır? Bir də sürgü sürəti haqqında ətraflı bilmək istəyirəm.
Cavab: Ekspozisiyanın əsas elementləri Diafraqma (Aperture), Sürgü sürəti (Shutter speed) və İSO-dur. Buna çox vaxt ekspozisiya üçlüyü də deyilir. Bu elementlər bir-biri ilə daima əlaqəlidir.  

Sadə bir misalla ekspozisiya üçlüyünü başa salmağa çalışacağam. Bir su kranı təsəvvür edin. Kranın borusundan axan su kameranın sensoruna düşən işıqdır. Kranı açıb-bağlamaqla axan suyun həcminə nəzarət edirik. Bu diafraqmadır. Krandan axan suyu biz nəyə yığmaq istədiyimizdən asılı olaraq kiçik və ya böyük qab seçirik. Bu da İSO-dur. Sürgü sürəti isə həmin qabı doldurmaq üçün sərf olunan vaxtdır. Kiçik qab böyük qaba nisbətən daha sürətlə dolacaq. Deməli sürgü sürəti yüksək olacaq. Əgər böyük qabı doldurmaq istəyiriksə, onda ya müddət çox olmalıdır ya da axan suyun həcmini (sensora düşən işığı) artırmalı, yəni diafraqmanı geniş açmalıyıq.

Bayır çəkilişlərində diafraqmanın nə qədər açıq və ya bağlı olması barədə standart bir yanaşma yoxdur. Bu havanın işıqlı olub-olmaması, çəkilişin xüsusiyyəti (portret, mənzərə və s.) və sizin nə qədər kəskinlik dərinliyi (DOF) əldə etmək istəyinizdən asılıdır. Nəzərə alın ki, açıq diafraqmada kəskinlik dərinliyi daha az olur və bu da fotonun ümumi kəskinliyinə təsir edə bilər. Diafraqmanı dəyişdikdə mütləq ekpozisiya üçlüyündən olan digər iki göstərici də (sürgü sürəti və İSO) müvafiq olaraq tənzimlənməlidir. 

Kameralarda fotoqrafın işini asanlaşdırmaq üçün yaradıcı zonalar mövcuddur. Bunlar əsasən Diafraqma üstünlüyü (Aperture Priority), Sürgü sürəti üstünlüyü (Shutter Priority) və ya Proqram (Proqram mode) rejimləridir. Bu rejimlərdən hansısa birini birini seçdikdə ekspo-üçlüyün digər iki parametri kamera tərəfindən avtomatik müəyyənləşdirilir. Canon kameralarında bu rejimlər Av (Diafraqma üstünlüyü/Aperture Priority), Tv (Sürgü sürəti üstünlüyü/Shutter Priority), P (Proqram/Proqram mode), Nikonda isə müvafiq olaraq A, S və P ilə işarələnib. 

Bir az əvvəl dediyim kimi sürgü sürəti sensora düşən işığın müddətini tənzim edir. Sürgü sürəti saniyə ilə, əksər hallarda isə saniyənin kəsr hissəri ilə ölçülür. Rəqəm yüksək olduqca sürət də bir o qədər yüksək olur. Bir çox hallarda 1/60 (saniyənin 60-da bir hissəsi) və daha yüksək sürgü sürətindən istifadə edilir. Adətən sürət 1/60 az olduqda kameranın titrəməsi nəticəsində yayğınlığın əmələ gəlmə riski artır. Buna görə sürət az olduqda tripoddan istifadə etmək məsləhət görülür. Sürgü sürəti hər pillədə özü qədər artır (1/500, 1/250, 1/125, 1/60, 1/30, 1/15, 1/8 və s.). Sürgü sürətini seçdikdə çəkəcəyiniz kadrda hərəkin olub olmamasını nəzərə almaq vacibdir. Sürət az olduqda çəkəcəyiniz obyeklər hərəkət etdiyindən yayğın düşə bilər. Hərəkəti "dondurmaq" üçün daha yüksək sürgü sürətini süçmək lazımdır. 


No comments:

Şərh yaz